Tramp hələ tarif siyasətini açıqlamamışdan öncə OPEC+ ölkələri apreldən neft hasilatını artırmaq qərarına gəlmişdilər. Qiymətlər onsuz da enəcəkdi. Trampın tarifləri bunun üçün sadəcə, əlavə təkan rolunda çıxış etdi. Yeri gəlmişkən, o hələ birinci, yəni 2017-2021-ci illərdəki prezidentliyi dövründə Səudiyyə Ərəbistanını neftin qiymətini yüksək saxlamaqda ittiham edirdi. O vaxt da bəyan etmişdi ki, neft 50 dollardan aşağı olmalıdır.
Düzdür, qiymətlərin 50 dollardan aşağı düşəcəyi haqda danışmaq hələ tezdir. Lakin real olan budur ki, OPEC+ ölkələrinin qərarından sonra neft 70 ABŞ dollarına qədər düşmüşdüsə, tarif söhbəti ortaya çıxan kimi 60 dollara yaxınlaşdı. Odur ki, ucuzlaşmanın proses halını alacağı qaçılmaz görünür. Bu isə ən azından, büdcədə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından bizə sərfəli sayılmır.
Lakin məsələ təkcə bunda deyil. Dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacağın qiymətinin və buna uyğun olaraq, logistik xərclərin azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiq etmələri səbəbindən ciddi bahalaşma təhlükəsi gözlənilir. Halbuki, bizdə inflyasiya hələ yenicə səngimişdi...
Bir sözlə, neftin ucuzlaşacağı və ümumən qiymətlərin bahalaşacağı, kəskin inflyasiya dalğasının ortaya çıxacağı riski ölkəmiz üçün ciddi təhdid xarakteri daşıyır. Tərs kimi, bu, elə bir vaxta düşür ki, dövlət büdcəmizin xərclərinin artması ilə yanaşı, qeyri-neft sektoruna əvvəlkindən daha çox dəstək tələb olunr.
Enerji daşıyıcıları - yəni neft və qaz ucuzlaşarkən adətən, ABŞ dolları dəyərə minir. Lakin hazırda Trampın tarif siyasəti bütün ənənəvi qanunauyğunluqları o qədər alt-üst edib ki, dollar da ucuzlaşır. Bu da, neftin ucuzlaşmasından əlavə, ölkəmiz üçün, xüsusən də manatın məzənnəsi baxımından ikiqat təhlükə törədir. Çünki ucuz dollar inflyasiyasiya idxalından doğan təzyiqi bir az da artırır.
2025-ci ilin I rübündə dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) transfert 3 milyard 620,3 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və ya 13,3% çox deməkdir. 2024-cü ilin eyni rübündə Fonddan büdcəyə 3 milyard 195,3 milyon manat transfert edilmişdi. Bu il ARDNF-dən büdcəyə 14 milyard 481 milyon manat köçürülməlidir. Bu, 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfert həcmindən 13,3% və ya 1,7 milyard manat çoxdur.
Göründüyü kimi, cari il üçün dövlət büdcəmizin həcmi çox, xərcləri genişdir. Bəli, neftin qiyməti daha çox azalacağı təqdirdə daxili bazarda qiymətlərə təzyiqlər istər-istəməz getdikcə bir az da artacaq. Yəni, idxal inflyasiyasının təsir gücü genişlənəcək. Odur ki, ilin ortasında neftin dövlət büdcəmizdə fiksə olunan qiyməti aşağı salınmalıdır. Hesab edirəm bu, bayaqdan sadaladığımız gözlənilən təsir və təzyiq amillərindən sığortalanmaq məqsədilə Tramp siyasətinə qarşı birinci addım olmalıdır.
Ölkəmizdə 2025-ci ildə orta illik inflyasiya göstəricisi 4.6% səviyyəsində proqnoz edilib. Ümumiyyətlə, sözügedən göstərici İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə, 2025-ci ildə 4.6% təşkil etməklə 2026-2028-ci illər ərzində 3.9% həddində olmalıdır. Ancaq bu il qeyd etdiyim səbəblərdən, inflyasiya çox güman, həm daxili, həm də xarici amillərin təsirilə 10%-ə çatacaq.
Odur ki, hesab edirəm, daxili istehsal getdikcə daha çox xarici istehsal komponentlərindən qorunmalı, ümumiyyətlə, yerli istehsal sırf daxili xammal məhsulu ehtiyatları hesabına təşkil olunmalıdır. Bunun üçünsə tədarükçü-istehsalçı əlaqələrini inkişaf etdirməli, yeni texnologiyalara keçilməli və xammala tələbat sırf yerli imkanlar hesabına təmin olunmalıdır. Yerli istehsal xarici istehsal elementlərindən birdəfəlik yaxa qurtarmalıdır.
Ölkəmizdə yerli istehsal baha başa gəlir. Çünki xarici istehsala məxsus idxal komponentlərsiz keçinmək mümkün deyil. İlk növbədə məhz bunun qarşısı alınmalı, idxalda şəffaflığı təmin etmək üçün inhisarçılıq tam aradan qaldırılmalıdır. Daxili bazar azad rəqabət şəraitində təşkil olunmalıdır ki, yerli istehsal da inkişaf edə bilsin.
Digər zəruri addımlar qeyri-neft-qaz sektorunun inkişafına dəstəyi artırmaq olmalıdır. Bəlkə biz də Trampın siyasətinə uyğun olaraq, yerli istehsalın inkişafı üçün müəyyən sahələrdə idxalı məhdudlaşdırmalıyıq.

Pərviz Heydərov
Azvision.az üçün